Kibertəhlükəsizlik

Telefon və kompüter kamerasından izlənildiyini necə bilə bilərsən?

Texnologiya həyatımızın hər yerindədir. Smartfonlar, planşetlər və noutbuklar gündəlik istifadə etdiyimiz cihazlardır. Bu cihazların içərisində kamera da var. Kameralarla şəkil çəkirik, video zəng edirik, dərslərə və onlayn görüşlərə qoşuluruq. Amma bu rahatlıqlar bəzən təhlükəyə çevrilə bilər. Bəzi hallarda cihazınızdakı kamera sizin xəbərin olmadan işləyə və sizi gizlicə çəkə bilər. Kimsə sizin telefon və ya kompüter kameranızı uzaqdan idarə edə bilər. Bu isə şəxsi məxfiliyinizin pozulması deməkdir. Bəs belə bir vəziyyəti necə başa düşmək olar? Əgər şübhələnirsinizsə, aşağıdakı əlamətlərə diqqət edin.

Telefon və Kompüter kamerasından izlənildiyini necə bilə bilərsən?

Kamera işığı xəbərdarlıq verə bilər. Kompüter və bəzi telefon modellərində kamera aktiv olduqda kiçik yaşıl və ya ağ işıq yanır. Əgər siz heç bir proqram açmamısınızsa və bu işıq yenə də yanırsa, ola bilər ki, kameranız gizli şəkildə işləyir. Bu çox ciddi bir əlamətdir. Əgər bu vəziyyət bir neçə dəfə təkrarlanırsa, ehtiyatlı olmaq lazımdır.

Telefon və ya kompüterin batareyası tez boşalırsa, bu da təhlükə əlaməti ola bilər. Kameranı və mikrofonu arxa planda gizli işlədən proqramlar batareyanı daha çox istifadə edir. Əgər əvvəl 6-7 saat işləyən cihazınız indi 2-3 saata boşalırsa, bu şübhəli haldır. Əlavə olaraq, cihazınızda gözlənilməz istilənmə varsa, bu da casus proqramın işarəsi ola bilər.

Digər diqqət ediləsi məqam cihazın yavaşlamasıdır. Cihazın açılması gecikirsə, tətbiqlər donursa və ya internet sürəti zəifləyibsə, arxa planda işləyən zərərli proqramlar ola bilər. Bu proqramlar kameranı, mikrofonu və interneti istifadə edərək məlumat göndərə bilər.

Telefon və kompüterdə kamera icazəsi olan tətbiqləri yoxlamaq vacibdir. Android telefonlarda ayarlara girib tətbiqlərə baxmaq və kamera icazəsi olan tətbiqləri görmək olur. iPhone istifadəçiləri isə ayarlar bölməsindən məxfilik və təhlükəsizlik → kamera yolunu izləyərək kamera icazəsi alan tətbiqləri görə bilərlər. Kompüterlərdə isə Task Manager və ya Sistem Ayarları ilə bunu yoxlamaq olar. Windows istifadəçiləri Ctrl + Shift + Esc düymələrini basaraq Task Manager açmalı və aktiv prosesləri yoxlamalıdırlar. Kamera və ya video ilə bağlı heç bir proqram açmamısınızsa, amma bu cür proseslər görünürsə, bu şübhəli haldır. Mac istifadəçiləri Sistem Ayarları → Təhlükəsizlik və Məxfilik → Kamera bölməsinə baxaraq icazələri yoxlaya bilərlər.

Eyni zamanda, kamera ilə çəkilmiş şəkillərə və videolara da baxmaq lazımdır. Telefonunuzda və ya kompüterinizdə siz çəkmədiyiniz, yadınıza gəlməyən şəkil və videolar varsa, bu o demək ola bilər ki, kamera sizdən xəbərsiz istifadə olunub. Xüsusilə qəribə rakurslardan və ya gecə vaxtı çəkilmiş şəkillər görsəniz, bu çox ciddi təhlükədir. Həmçinin telefon və ya kompüter ekranı səbəbsiz şəkildə aktivləşirsə, yəni heç toxunmadan ekran işıqlanırsa və ya kameranın işığı yanırsa, bu da arxa planda bir şeyin işlədiyini göstərə bilər.

Əgər antivirus proqramınız varsa və bu proqram sizə şübhəli fəaliyyətlərlə bağlı xəbərdarlıqlar verirsə, bu xəbərdarlıqları diqqətdən qaçırmayın. Antivirus proqramları bəzən arxa planda işləyən zərərli proqramları aşkarlaya bilir. Bu cür xəbərdarlıqları dərhal oxuyun və tədbir görün. Antivirus və təhlükəsizlik proqramlarınızı daim yeniləyin ki, yeni təhdidlərə qarşı sizi qoruya bilsinlər.

İndi isə izah edək: belə hallardan qorunmaq üçün nə etmək lazımdır? Əvvəla, kameranızı fiziki olaraq örtmək yaxşı fikirdir. Kamera örtüyü ala bilərsiniz. Yoxdursa, sadə kağız parçası və ya lentlə də kameranı müvəqqəti örtmək olar. Telefonlar üçün bu daha çətindir, amma kompüterlərdə bu üsul çox faydalıdır.

Daha sonra tətbiqlərin kamera icazələrini mütəmadi olaraq yoxlayın. Hansı proqramın kameraya çıxışına ehtiyac yoxdursa, həmin icazəni ləğv edin. Əlavə olaraq, bilinməyən mənbələrdən proqram yükləməyin. Rəsmi mağazalardan (Play Store, App Store və s.) yükləmə etməyə çalışın. Elektron poçt və sosial şəbəkələrdə gələn linklərə diqqət edin. Tanımadığınız şəxs və ya mənbədən gələn linklərə klikləməyin.

VPN istifadə etmək də məxfi məlumatlarınızı qorumağa kömək edir. İctimai Wi-Fi şəbəkələrində diqqətli olun. Bu cür açıq şəbəkələrdə casus proqramlar daha asan yayıla bilər. Əgər ictimai Wi-Fi istifadə edirsinizsə, VPN aktivləşdirmək vacibdir. VPN sizin internet trafikinizi şifrələyir və izlənilməyinizi çətinləşdirir.

Cihazınızın sistemini və tətbiqlərini daim güncəlləyin. Sistem yeniləmələri yalnız dizayn və funksiya üçün deyil, həm də təhlükəsizlik üçün vacibdir. Güncəlləmələr zamanı köhnə boşluqlar bağlanır və yeni təhdidlərə qarşı müdafiə gücləndirilir.

Telefon və kompüterlərə güclü şifrə təyin etmək də vacibdir. Mümkün olduqda iki faktorlu doğrulama istifadə edin. Bu sistem sizdən əlavə təsdiq tələb edir və cihazınıza kənar şəxsin girişini çətinləşdirir. Həmçinin cihazınıza yeni bir proqram quraşdırılarkən kamera və mikrofon icazələrini avtomatik verməyin. Hər zaman “tətbiqə bu icazə lazımdırmı?” sualını özünüzə verin.

Əgər artıq şübhəlisinizsə və yuxarıdakı əlamətlərin bir neçəsini müşahidə etmisinizsə, antivirusla dərin yoxlama aparın. Daha sonra vacib məlumatlarınızı ehtiyat nüsxəyə köçürün. Əgər vəziyyət çox ciddidirsə, cihazınızı zavod ayarlarına qaytarmaq faydalı ola bilər. Bu, cihazda olan bütün proqramları və məlumatları silərək ilk günki vəziyyətə gətirir. Amma bunu etməzdən əvvəl məlumatlarınızı qoruyun.

Nəticə olaraq, telefon və kompüter kameralarının izlənilməsi real bir təhlükədir. Amma bu təhlükəni vaxtında görmək və tədbir görmək mümkündür. Əlamətləri izləyərək, cihazınızı daim nəzarətdə saxlayaraq və təhlükəsizlik qaydalarına riayət edərək özünüzü və ailənizi bu təhlükədən qoruya bilərsiniz. Məxfiliyiniz dəyərlidir və onu qorumaq sizin haqqınızdır.

Windows və macOS üçün Antiviruslar

Antivirus Adı Rəsmi Link Platforma
Bitdefender bitdefender.com Windows, macOS, Android, iOS
Kaspersky kaspersky.com Windows, macOS, Android
Norton 360 us.norton.com Windows, macOS, Android, iOS
ESET NOD32 eset.com Windows, macOS
Windows Defender microsoft.com Windows 10 və 11 üçün daxili

Android və iOS üçün Antiviruslar

Antivirus Adı Android Link iOS cihazlar üçün Link
Bitdefender Mobile Security Google Play App Store
Kaspersky Mobile Security Google Play App Store
Norton Mobile Security Google Play App Store
Avast Mobile Security Google Play App Store

 

Related Articles

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button