Linux

Linux distrolarda fayl sistemi strukturu

Linux distroları digər əməliyyat sistemlərindən fərqli olaraq fayl sistemi strukturuna ciddi və loqikalı yanaşması ilə tanınır. Bütün Linux sistemində hər şey – istər fayl, istər cihaz, istərsə də proses – bir fayl kimi təqdim olunur. Bu, UNIX fəlsəfəsinə əsaslanır və Linux-un açıq və ardıcıl quruluşunu təmin edir. Linux fayl sistemi kök qovluq olan / ilə başlayır. Bu qovluq bütün digər qovluqların və faylların başlanğıc nöqtəsidir. Aşağıda ən əsas Linux qovluqları və onların funksiyaları ətraflı şəkildə izah olunur

/ – Root: Bu Linux fayl sisteminin başlanğıc nöqtəsidir. Bütün digər fayl və qovluqlar bu direktoriyadan törəyir. Kök fayl sistemi olmadan heç bir sistem işləyə bilməz. Burada sistem üçün ən əsas strukturlar yerləşir və istifadəçi sistemə daxil olanda ilk olaraq bu qovluğa yönəldilir.

/bin – Binary: Bu qovluqda sistemin başlanğıc və normal istifadə üçün zəruri olan icraolunan fayllar (komandalar) saxlanılır. Məsələn, ls, cp, mv, cat və mkdir kimi əsas əmrlər burada yerləşir. Bu fayllar bütün istifadəçilər üçün əlçatan olmalıdır və sistem bərpa rejimində belə işləməlidir.

/boot – Boot: Bu qovluq Linux sisteminin yüklənməsi üçün lazım olan faylları ehtiva edir. Buraya vmlinuz (Linux kernel), initrd.img, grub konfiqurasiya faylları və digər boot prosesi ilə bağlı vacib fayllar daxildir. Bu qovluğun olması olmadan sistem yüklənə bilməz.

/dev – Devices: Burada sistemdə mövcud olan bütün cihaz faylları saxlanılır. Linux-da cihazlar fayl kimi təqdim olunduğuna görə hər bir fiziki və ya virtual cihaz – məsələn, disk, printer, RAM, terminal – bu qovluqda özünə uyğun fayla malik olur. Məsələn, /dev/sda – birinci sabit diskə işarə edir.

/etc – Etcetera: Sistem və proqramlar üçün konfiqurasiya faylları burada saxlanılır. Məsələn, /etc/passwd, /etc/fstab, /etc/hostname və digər əhəmiyyətli fayllar bu qovluqdadır. Bu qovluqda hər bir xidmət və ya proqramın özünəməxsus konfiqurasiya qovluğu və ya faylı ola bilər.

/home – User Home Directories: İstifadəçilərin fərdi qovluqları burada yerləşir. Məsələn, istifadəçi ali üçün /home/ali adlı bir qovluq olur və burada həmin istifadəçinin şəxsi faylları saxlanılır. Root istifadəçisinin ev qovluğu isə /root olaraq ayrıca yerləşir.

/lib və /lib64 – Library: Sistem proqramları və komandalar üçün lazım olan kitabxana faylları burada yerləşir. Məsələn, ls komandası işləyərkən lazım olan funksiyalar bu kitabxanalardan götürülür. lib64 isə 64-bit kitabxanaları saxlayır.

/media və /mnt – Montaj: Xarici cihazlar və əlavə fayl sistemləri – məsələn, USB, CD/DVD və şəbəkə diskləri – bu qovluqlar altına montaj edilir. Müvəqqəti olaraq hər hansı bir fayl sistemi bu qovluqlar altına əlavə edilə bilər.

/opt – Optional Software Packages: Bu qovluq üçüncü tərəf proqram paketlərinin yerləşdirilməsi üçün nəzərdə tutulub. Xüsusilə sistemin özündə olmayan proqramlar – məsələn, əlavə proqramlar və kommersiya tətbiqləri – burada yerləşdirilir.

/proc – Process Information: Bu xüsusi fayl sistemidir və RAM-da saxlanılır. Burada işləyən proseslər və sistem haqqında dinamik məlumatlar saxlanılır. Məsələn, /proc/cpuinfo, /proc/meminfo və /proc/[pid] faylları vasitəsilə real vaxtda sistemin vəziyyətinə baxmaq mümkündür.

/run – Runtime Data: Sistem başladıqdan sonra əməliyyat zamanı yaranan dəyişən və müvəqqəti məlumatlar burada saxlanılır. Bu fayllar sistemin yenidən başladılmasından sonra silinir.

/sbin – System Binary: Sistem administratoru (root) üçün nəzərdə tutulmuş icraolunan fayllar burada yerləşir. Bu fayllar əsasən sistemin idarə olunması və bərpası üçün istifadə olunur. Məsələn, fsck, reboot, ifconfig, iptables və s.

/srv – Service Data: Server xidmətləri üçün (məsələn, HTTP, FTP) lazım olan məlumatlar burada yerləşdirilə bilər. Bu qovluq vasitəsilə xidmətlərin verilən faylları saxlanıla bilər.

/sys – System Information: proc kimi bu da xüsusi virtual fayl sistemidir və sistemin kernel ilə əlaqə yaratmaq üçün istifadə olunur. Bu qovluqda cihazlar, sürücülər və kernel modulları ilə bağlı məlumatlar olur.

/tmp – Temporary Files: Müvəqqəti fayllar üçün nəzərdə tutulmuş qovluqdur. Buraya proqramlar tərəfindən müvəqqəti yaradılan fayllar yerləşdirilir və adətən sistem yenidən başladıqdan sonra avtomatik silinir.

/usr – User System Resources: Bu qovluq sistem istifadəçiləri üçün proqramlar, kitabxanalar, sənədlər və digər resursları saxlayır. /usr/bin, /usr/lib, /usr/share və digər alt qovluqlarda geniş istifadəçi proqramları yerləşdirilir.

/var – Variable Files: Bu qovluqda sistemdə dinamik olaraq dəyişən fayllar yerləşir. Məsələn, log faylları (/var/log), poçt faylları (/var/mail), cache (/var/cache) və sistem xidmətlərinin məlumat faylları burada olur.

Linux fayl sistemi həmçinin mount edilə bilən digər fayl sistemlərini də dəstəkləyir. Məsələn, harddiski n /data kimi bir qovluğa mount edilməsi mümkündür. Fayl sistemi növləri arasında ext4, xfs, btrfs, zfs, ntfs, vfat və s. vardır. Hər birinin öz üstünlükləri və tətbiq sahələri mövcuddur.

Sonda qeyd etmək lazımdır ki, Linux fayl sistemi sadəcə faylların yerləşdirilməsi üçün deyil, həm də təhlükəsizlik, giriş icazələri, və performans baxımından ciddi struktura malikdir. chmod, chown, ls -l kimi əmrlərlə fayl icazələri və sahibliyi idarə olunur. Fayl sisteminin düzgün qurulması və başa düşülməsi həm sistem administratorları, həm proqramçılar, həm də gündəlik istifadəçilər üçün olduqca vacibdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button