Dark Web nədir?

İnternet gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Axtarış motorlarında etdiyimiz sorğular, sosial şəbəkələrdə keçirdiyimiz vaxt və müxtəlif vebsaytlardan istifadə etdiyimiz zaman əslində internetin yalnız kiçik bir hissəsini görürük. Bu hissə Surface Web adlanır. Lakin internetin daha dərin və görünməyən qatları da mövcuddur. Bunlardan biri və ən maraq doğuranı isə Dark Web-dir.Bu məqalədə Dark Web-in nə olduğunu, necə işlədiyini, hansı məqsədlərlə istifadə olunduğunu və onun yaratdığı təhlükələri ətraflı şəkildə izah edəcəyik.
Surface Web (Üzən Web)
Bu, hər kəsin gündəlik istifadə etdiyi internet hissəsidir. Google, Wikipedia, YouTube, Facebook və digər açıq saytlar bu təbəqəyə daxildir. Axtarış motorları tərəfindən indekslənmişdir və adi brauzerlərlə asanlıqla əldə olunur.
Deep Web (Dərin Web)
Deep Web axtarış sistemləri tərəfindən indekslənməyən məlumatları əhatə edir. Məsələn, şəxsi e-poçtlar, bank hesabları, universitet portalları və ya şifrə ilə qorunan digər sistemlər bu kateqoriyaya aiddir. Deep Web qanuni və təhlükəsiz bir sahədir, lakin ictimaiyyətə açıq deyil.
Dark Web (Qaranlıq Web)
Dark Web — Deep Web-in kiçik, lakin daha gizli və çox vaxt qanunsuz fəaliyyətlərin baş verdiyi hissəsidir. Bu şəbəkəyə yalnız xüsusi proqramlarla, ən çox isə TOR (The Onion Router) brauzeri ilə daxil olmaq mümkündür.
Bəs Dark Web necə işləyir?
Dark Web-in əsas məqsədi anonimlik və izlənilə bilməzlik təmin etməkdir. TOR şəbəkəsi trafiki şifrələyərək müxtəlif serverlər üzərindən yönləndirir. Nəticədə istifadəçinin IP ünvanı və digər məlumatları gizli qalır.Bu şəbəkədə yerləşən saytlar .onion domenindən istifadə edir və standart veb brauzerlərlə görünmür. TOR brauzeri bu domenləri açmaq və istifadəçinin anonimliyini qorumaq üçün xüsusi dizayn edilib.
Dark Web-də nələr var?
Dark Web haqqında geniş yayılmış fikirlər onun yalnız cinayətkar fəaliyyətlər üçün istifadə edildiyini bildirir. Bu, qismən doğrudur, lakin daha geniş və müxtəlif məzmunlar da mövcuddur. Aşağıda Dark Web-də rast gəlinən bəzi nümunələri qeyd edirik:
- Qanunsuz ticarət: narkotik maddələr, silahlar, saxta sənədlər və s.
- Haker forumları və məlumat mübadiləsi
- Anonim bloqlar və xəbər platformaları
- Söz azadlığını qorumaq məqsədi ilə yaradılmış saytlar
- Şəxsi məlumatların satışı (data leaks)
- Şəxsi və ya siyasi təqiblərdən qorunmaq istəyən şəxslər üçün müzakirə platformaları
Dark Web təhlükəlidirmi?
Bəli, Dark Web potensial olaraq çox təhlükəli ola bilər. Burada Virus və zərərli proqramlar asanlıqla yayılır, Fırıldaqçılıq və kiberhücumlar geniş yayılıb,Şəxsi məlumatların oğurlanması riski yüksəkdir və Qanunsuz fəaliyyətlərə cəlb olunma ehtimalı mövcuddur. Bu səbəbdən, Dark Web-ə daxil olmaq yalnız təhlükəsizlik tədbirləri görüldükdən sonra, məlumatlı və məqsədli şəkildə edilməlidir.
Dark Web qanunidirmi?
Dark Web-ə daxil olmaq qanunsuz deyil, lakin orada törədilən bir çox fəaliyyət qanunlara ziddir. Məsələn, narkotik alqı-satqısı, haker xidmətləri, şəxsiyyət məlumatlarının oğurlanması və s. fəaliyyətlər qanunla qadağandır və hüquqi məsuliyyət daşıyır.
Dark Web internetin daha az tanınan, gizli və riskli tərəfidir. Bəzi hallarda söz azadlığının qorunması və senzuranın qarşısının alınması üçün istifadə olunsa da, eyni zamanda cinayətkar fəaliyyətlər üçün də bir platforma rolunu oynayır. Bu sahəyə maraq göstərən istifadəçilər mütləq təhlükəsizlik qaydalarına əməl etməli və məlumatlı şəkildə hərəkət etməlidirlər.
Unutmayın: bilgi gücdür, amma doğru şəkildə istifadə edilməlidir.